Ağdaşda yüksək nəticə göstərmiş abituriyentlərlə görüş keçirildi
Ağdaşda rayonun ümumtəhsil məktəblərini bitirərək ali təhsil müəssisələrinə 2020-2021-ci tədris ili üzrə keçirilmiş qəbul imtahanlarında 500 baldan yüksək nəticə göstərmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirildi.
Görüşü açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov uğur qazanan gəncləri, eyni zamanda onların valideynlərini və müəllimlərini təbrik edərək onlara təhsildə uğurlar, doğma vətənimizin daha da qüdrətlənməsi yolunda nailiyyətlər arzuladı. C.Osmanov qeyd etdi ki, yaşadığımız dövr bizdən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası da ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanmışdır. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını diqqətə çatdıran millət vəkili bildirdi ki, bu gün dahi şəxsiyyətin ideyaları Respublikamızda böyük yaradıcı gücə çevrilib. Elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur. Bu gün ölkəmizdə cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan təhsili uğurla inkişaf edir. Ölkəmizdə, o cümlədən rayonumuzda da müasir məktəb binaları tikilib şagirdlərin istifadəsinə verilir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gənclərin daha yaxşı təhsil almasına imkan verir. Yaradılan şərait də artıq öz bəhrəsini göstərməkdədir. Ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas məktəblərinə qəbulda ilbəil daha da yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edir, savadlı, geniş dünyagörüşlü və əsl vətənpərvərlər kimi formalaşırlar. Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır. Bütün bu qeyd olunanları nəzərə alaraq Vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. Hər bir gənc müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, özünü mənsub olduğu xalqa layiqli vətəndaş kimi hazırlamalıdır. Uğurlu nəticə əldə edərək tələbə adını qazanan abituriyentləri bir daha təbrik edən Cavid Osmanov gənclərimizə gələcək həyatlarında daha böyük uğurlar arzuladı.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Əmirli tələbə adını qazanan bütün abituriyentləri təbrik edərək onlara ölkəmizdə cənab Prezidentimiz tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin aktiv iştirakçısı olmağı və ölkəmizin inkişafı, parlaq gələcəyi naminə əzmkarlıqla çalışmağı dilədi. Bildirdi ki, sizin kimi gənclərimizin uğurları rayonumuz, ümumilikdə ölkəmiz üçün qürurverici haldır. Məhz bu cür gənclərimizin sayəsində böyük uğurlar və nəaliyyətlər əldə edəcəyimizə isə inamımız daha böyükdür.
Ali məktəblərə qəbul olunan bütün tələbələr adından minnətdarlıq edən Rəsul İsgəndərli qeyd etdi ki, biz vətən qarşısında, bizə diqqət və qayğı göstərən ölkə rəhbərliyi qarşısında öz borcumuzu hiss edir və əmin edirik ki, harada oxumağımızdan asılı olmayaraq göstərilən etimadı doğruldacaq, Azərbaycan gəncliyinin adına layiq olacaq, doğma Ağdaşımızı layiqincə təmsil edəcəyik.
YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov eyni zamanda respublikanın ali təhsil məktəblərinə qəbul zamanı rayon üzrə ən yüksək nəticə göstərərək 663 bal toplayan M.Şeyxzadə adına İnternat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü Gimnaziyanın məzunu Gülanə İsmayılova ilə də görüşmüşdür. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının binasında tətbiq olunan karantin rejiminin qaydalarına əməl olunmaqla baş tutan görüşdə tələbə adını qazanan Gülanənin atası Vüqar İsmayılov, təhsil aldığı Gimnaziyanın direktoru Şəhla Hacıbalayeva, YAP rayon təşkilatı Gənclər Birliyinin bir qrup fəalı iştirak etmişdir.
Görüşü açan Cavid Osmanov rayon üzrə ən yüksək nəticə göstərdiyi üçün Gülanə İsmayılovanı təbrik edərək ona gələcək təhsilində uğurlar arzuladı. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı adından ona planşet hədiyyə olundu.
Çıxış edən Gülanə İsmayılova bu diqqətə görə minnətdarlığını bildirdi, daxil olacağı ali məktəbdə də səylə oxuyacağını, vətənə layiqli övlad olacağını qeyd etdi.
Görüşdə çıxış edən Gimnaziyanın direktoru Şəhla Hacıbalayeva, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Əmirli və valideyin Vüqar İsmayılov görüşə görə minnətdarlıqlarını bildirərək qeyd etdilər ki, bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb. Övladlarımız milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi yetişirlər. Hər bir müəllim və valideyn fəxr edir ki, onun təhsil verdiyi şagirdi və övladı ən müasir şəraiti olan məktəblərdə təhsil alırlar. Şagirdlərimiz milli dəyərlərimizə, adət-ənənələrimizə, tariximizə hörmətlə yanaşan, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər kimi yetişirlər. Qürurlanırıq ki, təhsilimizə böyük diqqət və qayğı göstərən cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi dövründə yaşayır və fəaliyyət göstəririk.