Ağdaşda polis reyd keçirdi.
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində Operativ Qərargah tərəfindən elan edilmiş tələblərə əməl olunması məqsədilə nəzarət tədbirləri davam etdirilir.
Keçirilən reydlər zamanı karantin rejiminin tələblərinə əməl etməyən şəxslərlə maarifləndirici söhbətlər aparılmış, hər bir şəxsin karantin qaydalarına, koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş metodiki göstərişlərə əməl etməsinin vacibliyi vurğulanmışdır.
Həmçinin, mağazalarda bəzi satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi, sosial məsafəni qorumadıqları aşkar edilmişdir. Onlara virusun qapalı məkanlarda daha tez yayıldığı və belə yerlərdə qaydalara riayət etməyin vacibliyi bildirilmişdir. Reyd zamanı bu qaydalara əməl etməyən, polis əməkdaşlarının haqlı iradlarını aradan qaldırmayan, eləcə də qanuni tələbə məhəl qoymayan şəxslərə də təsadüf edilmişdir.
Şəhər ərazisində qaydaları pozduqları üçün 5 obyekt sahibi və icarədar, eləcə də polisin qanuni tələbinə məhəl qoymayan 1 nəfər barəsində rayon Polis şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilmişdir.
Qeyd edək ki, göstərişin tələblərindən irəli gələn qaydalara əməl olunması üçün bu istiqamətdə reydlər növbəti günlərdə də davam etdiriləcək və qaydaları pozanlar barəsində inzibati cəza tədbirləri görüləcək.