Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində mülki əhaliyə, infrastruktur obyektlərə dəymiş ziyanın aradan qaldırılması üçün tədbirlər görülür.

23 iyul 2020 | 11:00

İyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür.
Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunmuşdur.
Vəziyyətlə bilavasitə yerində tanış olmaq üçün hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi nəzərdə tutulur.
Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq.
Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.
Əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib.
İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib.
İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib – bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.
İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir.
Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq.
Azərbaycan dövləti daim  vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.
Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır.
Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib.
Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə  artıq başlanılıb.
Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır.
Qeyd etmək lazımdır ki, cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır.
İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib.
Bundan əvvəl şəhid ailələrinə birdəfəlik olaraq hər ailəyə 11 min manat məbləğində maddi yardım göstərilmişdir.
İşğaldan azad olunmuş torpaqlara qayıdışla əlaqədar tədbirlər davam etdirilir. 2 aprel 2016-cı il görüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər əyani misaldır. Hazırda Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat vəsait ayrılıb, yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.

Keçidlər