26 iyun Silahlı Qüvvələr Günüdür
26 iyun Silahlı Qüvvələr Günüdür
Son illər ölkəmizdə ordu quruculuğu prosesində böyük uğurlar əldə edilmişdir. Azərbaycan ordusu son illər müasirləşdirilməklə yanaşı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində öz uğurlarını artırmaqdadır. Ordumuzun 2016-cı ilin aprel zəfəri, 2018-ci ilin Naxçıvan istiqamətində əldə etdiyi uğurlar ictimaiyyət arasında onun nüfuzunun daha da yüksəlməsinə mühüm təsir göstərmişdir. Bu uğurlar xalqımızın qəhrəmanlıq nümunələrinin təbliği, Vətənə, xalqa və dövlətçilik ideyalarına hörmət hisslərini daha da gücləndirir, gənc nəslin milli dövlətçilik ruhunda tərbiyə edilməsi, doğma torpağa sədaqət hissinin möhkəmləndirilməsi, hər an Vətənin müdafiəsinə qalxmasına mühüm stimul yaratmışdır.
Ordumuzun peşəkarlığının ilbəil artırılması onun beynəlxalq aləmdə nüfuzuna və reytinqinə mühüm təsir göstərmişdir. Azərbaycan Ordusunun gündən-günə artan nüfuzunun təbliği böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissəsinə çevrilməkdədir.
Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və Milli Ordumuzun möhkəmlənməsinə geniş imkan yaratmışdır. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması, ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Digər tərəfdən ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən işlər nəticə etibarilə orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir.
Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qorumağa qadirdir.
Böyük inam hissi ilə bildiririk ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən qarşıya qoyulan müqəddəs vəzifələrin layiqincə yerinə yetirilməsi, ərazilərimizin düşmən tapdağından azad ediləcəyi gün çox da uzaqda deyil.