Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanda daxili ictimai-siyasi vəziyyət getdikcə gərginləşir.

19 iyun 2020 | 11:00

Ermənistanda daxili ictimai-siyasi vəziyyət  getdikcə gərginləşir.

Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir.
Erməni mətbuatı N.Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia edir, bunun əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökumətin tam tərkibdə istefasını tələb etməsi göstərilir.
N.Paşinyanın müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavabı gecikmədi, Milli Təhlükəsizlik Xidməti 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı.
14 iyunda Təhlükəsizlik Xidməti əməkdaşlarının Çarukyanın evində axtarış aparması siyasi mühiti daha da gərginləşdirib.
N.Paşinyanın həmləsinə Çarukyanın cavabı gecikmədi, Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası (132 deputat  mandatından 25 deputat  mandatı həmin partiyaya məxsusdur) və tərəfdaşları 15 iyunda Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirib, “Paşinyan get!”, “Çarukyan Baş nazir!” şüarlarını səsləndirib. Bu mitinqdə aralarında deputatların da olduğu 90 nəfər saxlanılıb. Partiya tərəfdarlarının  fikrincə hazırkı Ermənistan rəhbərliyində dövlət idarəçiliyində səriştəli və təcrübəli adamlar yoxdur.
Polis aksiya iştirakçıları və hadisələri işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib.
Hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər  Ermənistanda ayaq altına salınıb. Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.
Bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya verilmədi?
Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər.
Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.

Keçidlər