Milli Qurtuluşdan başlanan zəfər yolu
27 il öncə Azərbaycanı düçar olunduğu dövlət böhranından xilas etmək üçün xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmış görkəmli dövlət xadimi Heydər Əliyev iyun ayının 15-də parlamentin sədri seçilərək dövlətin idarə olunması kimi çətin bir missiyanı öz üzərinə götürdü.
Tezliklə ölkədə vətəndaş müharibəsi təhlükəsi aradan qalxdı, sabitlik, əmin-amanlıq hökm sürməyə başladı. Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı. Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı. İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi. İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi.
Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı. Ordu quruculuğunda mühüm addımlar atıldı.
Qısa dövr ərzində müharibədə atəşkəs elan olundu. Dünyanın aparıcı ölkələri ilə sıx tərəfdaşlıq münasibətləri quruldu.
Müstəqillik, dövlətçilik, azərbaycançılıq məfkurəsinə sadiq olan, demokratiya, ədalət, bərabərlik, milli tərəqqi prinsiplərinə böyük önəm verən, bəşəri dəyərləri həyatının mənası hesab edən Heydər Əliyev dünyada sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın tərəfdarı və fəal təbliğatçısı idi.
O, dünya azərbaycanlılarının birliyinin təmin olunması, azərbaycançılıq ideologiyasının geniş yayılması və mənimsənilməsi uğrunda ömrünün son anına kimi mübarizə apardı.
Ulu öndərimizin xilaskarlıq missiyasını şərtləndirən əsas amillərdən biri o idi ki, o, siyasi karyerasının sonunda hakimiyyəti, Azərbaycan xalqının taleyini gücünə, bacarığına etibar etdiyi ən yaxın silahdaşı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tapşırdı.
Azərbaycan xalqının möhkəm etibarını qazanmış Prezident İlham Əliyev nəinki ümummilli liderimizin etimadını doğrultdu, eyni zamanda müstəqil Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətləri ilə öncül sıralarda dayanmasına nail oldu.
Möhtərəm Prezidentimizin tutduğu yol, Heydər Əliyev yoludur. Bu strateji kurs Azərbaycan xalqına xoş güzəran, firavan həyat gətirmiş, aydın sabahlar, işıqlı və zəngin gələcək vəd edir.
Bu gün respublikamızın hər yerində insan amili, onun qayğıları dövlətimizin böyük önəm verdiyi başlıca məsələdir.