Karantin reyiminin sərtləşdirilməsi yoluxmanın qarşısının alınmasına xidmət edir.
Son zamanlar ölkəmizdə koronavirus pandemiyası ilə (Covid-19) mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərin tədricən aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər əks effekt verməkdədir. Əhali tərəfindən tibbi maskalardan istifadənin minimuma endirilməsi, sosial məsafənin saxlanılmasına göstərilən etinasızlıq , açıq və qapalı məkanlarda Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tapşırıq və tövsiyələrə əməl edilməsinə göstərilən biganəlik halları yoluxmanın sürətlə artmasına gətirib çıxarmışdır.
Mövcud vəziyyət ölkədə karantin rejimi qaydalarının yenidən sərtləşdirilməsi zəruriyyətini yaratmışdır.
Həftə sonları 2 gün ərzində tam qapanmanın tətbiqi ilə bağlı qaldırılan təklif vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin tibbi spirtin və maskaların Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir.
Rayon İcra Hakimiyyəti ölkədə koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən tədbirlərə rayonumuzda da əməl olunması ilə bağlı sakinləri bir daha səfərbər olunmağa çağırır, açıq və qapalı məkanlarda tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan maksimum dərəcədə istifadəni diqqətə çatdırır, sosial təcrid qaydalarına riayət etməklə, şəxsi məsuliyyəti ilə digərlərinə nümunə göstərməyi vacib şərtlərdən biri hesab edir.
Biz bu gözəgörünməz bəlaya birlikdə qalib gəlmək gücündəyik.