Ağdaşda iqtisadi fəaliyyət sahələrində şəffaflığın artırılması yolunda tədbirlər davam etdirilir.
Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması, eləcə də iqtisadi fəaliyyətin, o cümlədən əhalinin gəlirlərinin tam şəffaflaşdırılması istiqamətində məqsədyönlü islahatlar həyata keçirilir.
Bu islahatların məntiqi nəticəsi olaraq “kölgə” iqtisadiyyatının əhatə dairəsi tədricən azalmaqla, rəqabət mühitinin daha da yaxşılaşması üçün ciddi əsaslar yaradır.
Rayonda dövlət və özəl sahələrdə maliyyə intizamının möhkəmləndirilməsi sahəsində tədbirlər öz müsbət nəticələrini verməkdədir.
Ölkədə pandemiya dövrünün davam etməsinə baxmayaraq rayonda kənd təsərrüfatı və sənaye sahələrində aparılan məqsədyönlü işlər nəticəsində iş yerlərinin qorunub saxlanılması, eləcə də artımı müşahidə olunmaqdadı.
2020-ci ilin I rübü ərzində büdcənin mədaxil hissəsi 1318.4 min manat proqnoza qarşı 1667.8 min manat icra olunmaqla, 349.4 min manat çox, yaxud 126.5 faiz yerinə yetirilmişdir.
Rayonda aktiv əmək müqavilələri ilə çalışan işçilərin sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Son dövrlər ərzində Dost İş Mərkəzi tərəfindən 390 nəfər işsiz vətəndaş haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, 2020-ci ilin 5 ayı ərzində isə Mərkəz tərəfindən təqdim olunan ictimai iş yerlərində əlavə olaraq 208 nəfər işaxtaran və işsiz vətəndaş işlə təmin edilmişdir.
Cari ilin birinci rübü ərzində 291-i daimi olmaqla 596 yeni iş yeri açılmışdır. Açılan iş yerləri bütövlükdə özəl sektorun payına düşür.
Pandemiya dövründə qeyri-şəffaf fəaliyyətdə olanların dövlət tərəfindən əhəmiyyətli maliyyə dəstəyi ilə əhatə olunması ilə bağlı sahibkarlar və muzdla işləyənlərin vergilərə cəlb edilməsi məqsədilə yerlərdə mütəmadi olaraq izahat işləri həyata keçirilir.