Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda səhiyyə işçiləri akademik, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 90 illik yubileyini qeyd etdilər.

27 aprel 2013 | 10:00

Aprelin 26-da Ağdaş Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik, Əməkdar elm xadimi, professor Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Sonra tədbir Mərkəzi Rayon Xəstəxanasında davam etdirilmişdir.
Səhiyyə işçilərinin və ziyalıların iştirak etdikləri tədbiri giriş sözü ilə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nuru Nuruyev açaraq “Unudulmaz alim, mehriban ana, qayğıkeş insan” mövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki, görkəmli alim Zərifə Əliyeva bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparıb, cərrahi əməliyyatlar həyata keçirib, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi baxımından bir neçə elmi-metodoloji fikirlər irəli sürüb, göz həkimlərinin təkmilləşdirilməsi üçün pedaqoji fəaliyyət göstərib.
Məruzə ətrafında çıxış edən natiqlər akademik Zərifə xanım Əliyevanın həyat fəlsəfəsindən, mənəvi dünyasından, oftalmologiya elminin inkişafındakı böyük xidmətlərindən ətraflı söz açaraq qeyd etdilər ki, Zərifə xanım fitri istedada malik novator alim, pak və nadir insan kimi yaşadığı dərin və mənalı ömrü, keçdiyi şərəfli həyat yolu ilə hər bir Azərbaycan vətəndaşı üçün kamillik, müdriklik məktəbidir.
Sonda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən söz açaraq qeyd etdi ki, görkəmli alim çoxşaxəli elmi pedaqoji fəaliyyətində təkcə tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə, oftalmoloq həkimlərin bilik və təcrübələrin artırılması işinə xüsusi diqqət yetirib. O, eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olub. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı ümummilli liderimiz Heydər Əliyevlə yorulmadan müqəddəs amallar uğrunda bacarığını əsirgəməyib.

Keçidlər