Ağdaşda yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 mart 2020-ci il tarixdə "Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncamla Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon (on bir milyon doqquz yüz yetmiş min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.
Müvafiq sərəncamın icrasına uyğun olaraq 2020-ci ildə Ağdaş rayonunda 11 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulur.
Hazırda rayon İcra Hakimiyyəti başçısının Eymur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisinə daxil olan Ağcaqovaq, Ərəbşəki və Eymur kəndlərində qaz xətlərinin çəkilməsinə başlanılmış, ərazilərdə qazlaşdırılma işlərinin qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, cari ildə rayonda daha 8 yaşayış məntəqəsi, o cümlədən Yuxarı Nemətabad, Aşağı Qobuüstü, Qobuüstü, Hacılar, Malay, Mürsəl, Şıxlı və Yenikənd kəndlərində də qazlaşdırılma işlərinin həyata keçirilməsi təmin ediləcəkdir.