Müharibə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
Ölkə başçısının Qələbə bayramı ərəfəsində müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını almışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 24 aprel 2020-ci il tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti təzahürüdür.
Müvafiq sərəncamda 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 (min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilməsi tapşırılır.
Sərəncamda nəzərdə tutulan birdəfəlik maddi yardım Ağdaş rayonu üzrə ümumilikdə 67 nəfər vətəndaşa şamil olunacaq. Onlardan 1 nəfəri İkinci Dünya müharibəsinin iştirakçısı, 66 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən və sərəncamda nəzərdə tutulan digər müvafiq şəxslərdir.
İkinci dünya müharibəsi veteranlarının müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.