Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Ağdaşda vətəndaşların qəbulu keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev 12 mart 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində Göyçay, Ucar və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Xidmət rəhbərliyinin keçirdiyi qəbulda 32 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə cəlbedilmə, şəhid statusunun, veteran adı və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.
Bəzi vətəndaşlar tərəfindən qaldırılan və xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.