Ağdaşda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirildi.
17 dekabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirildi.
Tədbirdən öncə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gələrək xatirəsini ehtiramla yad etdilər.
Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilən “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş etdirildi.
Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov rayondakı dini durum və dini icmaların qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat verməklə, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı terrorizm və ekstremizmin müasir dünya üçün ən ciddi təhdidlərdən olduğunu diqqətə çatdıraraq, bu gün terror əməllərinin böyük hissəsinin müsəlman coğrafiyasını əhatə etdiyini söylədi. Natiq çıxışı zamanı dövlət-din münasibətlərinin tənzimlənməsindən, milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin önəmindən, dini radikalizm və xurafat elementlərinə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyətindən bəhs etdi.