Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 5 Dekabr-Beynəlxalq Könüllülər Günü qeyd olundu.

05 dekabr 2019 | 11:00

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
5 Dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə  BMT Baş Assambleyasının təklifi ilə 1985-ci ildən etibarən üzv ölkələr tərəfindən qeyd olunan  gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Natiq daha sonra çıxış edərək qeyd etdi ki, 2019-cu ilin mart ayından başlayaraq indiyədək rayon İcra Hakimiyyətinə müraciət etmiş 17 nəfər ali və orta ixtisas təhsilli gənc müsahibə keçirildikdən sonra  könüllülük fəaliyyətinə cəlb edilmişdir.
Çıxışlarda  daha sonra bildirildi ki, gənclər rayon İcra Hakimiyyəti aparatının müxtəlif şöbələrində kargüzarlıq, vətəndaşların qəbulu ilə bağlı işlərə cəlb edilmiş, onlar rayon daxilində keçirilən bütün tədbirlərdə fəal iştirak etmişlər.
Gənclərin hər birinə rayon İcra Hakimiyyəti aparatında bilik və bacarıqlarını inkişaf etdirməsi, zəruri iş təcrübəsi qazanmaları üçün əlverişli şərait yaradılmış, hər rüb ərzində könüllülük fəaliyyətlərinin sona çatması ilə əlaqədar  təntənəli şəraitdə sertifikatlar təqdim edilmişdir.
Tədbirdə çıxış edən könüllülər yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlıq hisslərini ifadə edərək qısa müddət ərzində bu fəaliyyət növü üzrə kifayət qədər  təcrübəyə yiyələndiklərini diqqətə çatdıraraq, karyera qazanmaları yolunda bu fəaliyyətlərin mühüm əhəmiyyətini qeyd etdilər.
Tədbirin sonunda 2019-cu ildə rayonda könüllülük fəaliyyəti ilə bağlı tədbirlərdə fərqləndiklərinə görə bir qrup şəxsə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edildi.

Keçidlər