Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Milli Musiqi günü qeyd edildi

18 sentyabr 2019 | 11:00

Ağdaşda Milli Musiqi günü qeyd edildi

18 sentyabr 2019-cu il tarixdə Ağdaş şəhər Uşaq Musiqi Məktəbində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Milli Musiqi gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir Üzeyir bəyin bəstəsi və istiqlal şairi Əhməd Cavadın sözlərinə yazılmış Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı.
Çıxış edənlər müsəlman Şərqində ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi, ölməz bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığından geniş söhbət açaraq, bəstəkarın ad günü münasibətilə ölkəmizdə, o cümlədən Ağdaş rayonunda  hər il silsilə tədbirlərin keçirildiyini vurğuladılar.
Tədbir boyunca Üzeyir bəy haqqında bir sıra görkəmli şəxslərin fikirləri,  o cümlədən ulu öndər Heydər Əliyevin Üzeyir bəy və onun ölməz sənəti haqqında səs yazısı təqdim edildi.
Məktəbin qarşısında, açıq səma altında təşkil olunmuş tədbirdə Habil Əliyev adına Uşaq Musiqi məktəbinin şagirdləri, xor kollektivinin ifasında Leyli və Məcnun operasından “Şəbi-hicran” xoru, “Koroğlu” operasından cəngi rəqsi, “Arşın malalan” operettasından “Gülçöhrənin” ariyası, “Qaragöz”, “Çırpınırdı Qara dəniz” mahnılarını iştirakçılar hərarətli alqışlarla qarşıladılar.
Musiqi məktəbinin şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli əsərlər səsləndirilməklə,  müxtəlif kompozisiyalar və bəstəkarın əsərlərində yer alan rəqslər  nümayiş etdirildi.
Tədbirdə mədəniyyət işçiləri ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar  və rayon sakinləri iştirak edirdi.

Keçidlər