Ağdaşda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirildi.
Ağdaşda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat”
mövzusunda seminar-müşavirə keçirildi.
12 sentyabr 2019-cu il tarixdə rayonda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirildi.
Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Ağdaş RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, şərqşünas, pedaqoq Əli Rzazadə, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev gələcəyimiz üçün mənəviyyatlı və vətənpərvər gəncliyin formalaşmasının önəminə diqqət çəkərək dövlətin gənclər siyasətinin bu istiqamətdə olmasının sevindirici olduğunu vurğuladı.
Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, gənclərin cəmiyyət həyatının bütün sferalarında fəal iştirakının təmin edilməsi yeni nəslin sağlam inkişafının əsas şərtlərindəndir. Savadlı, yüksək intellektli, milli dəyərlərə bağlı, sağlam, mənəviyyatlı gəncliyin formalaşdırılması dövlətin gənclər siyasətinin prioritet istiqamətlərindən biridir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu da bu istiqamətdə gənclərlə, yeniyetmələrlə maarifləndirici tədbirlər həyata keçirərək bu işə öz tövhəsini verir.
Şərqşünas, pedaqoq Əli Rzazadə bildirib ki, əsas missiyası mənəvi dəyərlərlə zəngin insan yetişdirmək olan İslam dini bəşəriyyəti, xüsusən gənc nəsli daim inkişafa səsləyir. Qurani-Kərimin ayələrində, eləcə də İslam peyğəmbərinin bizə gəlib çatan hədislərində elmli, bilikli, savadlı, eyni zamanda əxlaqlı və xoşrəftar olmaq, yaxşılıq etmək, pis işlərdən çəkinmək və çəkindirmək tövsiyə edilmişdir.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman idarəsinin əməkdaşı Azad Gözəlov, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxəliyeva və Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi Könül Əhmədova gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasının, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsinin əhəmiyyətini diqqətə çatdırdı.
Seminar-müşavirənin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.