Ağdaşda ali məktəblərə qəbul edilmiş tələbələrlə görüş keçirildi.
29 avqust 2019-cu il tarixdə rayon ictimaiyyəti nümayəndələri və ali məktəblərə qəbul zamanı 600 baldan yuxarı nəticə əldə etmiş rayon məzunları xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində 2019-cu ildə rayonun ümumtəhsil məktəbləri məzunlarının respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında nümayiş etdirdikləri nəticələri əks etdirən sərgiyə tamaşa etmişlər.
Mərkəzin konfrans zalında davam etdirilən tədbirdə dövlət himni səsləndirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək ali məktəblərə qəbul olunan tələbələri, onların müəllimləri və valideynlərini təbrik edərək qeyd etmişdir ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qarşıya qoyulan hədəflərə çatmaq yolunda ölkə Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident, Heydər Fondunun Prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, onların informasiya-kommunikasiya texnologiyaları ilə təchizatının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar təhsilin təşkili və onun idarəolunması prosesinə müsbət təsir göstərmiş, bütün parametrlər üzrə keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdır.
Natiq daha sonra çıxış edərək qeyd etmişdir ki, ölkənin şəhər və regionlarında həyata keçirilən irimiqyaslı quruculuq tədbirləri, sosial problemlərin həlli, eyni zamanda ümumi təhsil müəssisələrinin infrastrukturunun möhkəmləndirilməsi davamlı bir prosesə çevrilmişdir.
Bunun nəticəsidir ki, son illər ərzində rayonda 39 təhsil müəssisəsi tikilmiş və əsaslı təmir olunmuşdur. Hazırda Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana -yeni məktəb” layihəsi çərçivəsində Yenicə kəndində 440 yerlik yeni məktəb binasının tikilir. Bildirilmişdir ki, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı nümayiş etdirdikləri yüksək nəticələr tədrisin keyfiyyətinə əhəmiyyətli təsir göstərmiş, şagirdlərin buraxılış və qəbul imtahanlarında nümayiş etdirdikləri nəticələr son illərin artım dinamikası ilə müşahidə olunur. 2018/2019-cu dərs ilində 3 nəfər məzun tam orta təhsil pilləsini qızıl və gümüş medallarla bitirmiş, ümumi və tam orta təhsil pillələri üzrə məzunların 8 nəfərinə fərqlənmə attestatları verilmişdir.
2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 821 nəfər məzundan elektron ərizə ilə müraciət edənlərin sayı 642 nəfər təşkil etmiş, onlardan 310 nəfəri tələbə adını qazanmışdır. Rayon məzunlarının ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr əvvəlki illərlə müqayisədə xeyli yüksəlmişdir. Cari ildə qəbul imtahanlarında iştirak edən məzunlardan 52 nəfəri 500-700 bal intervalında nəticələr göstərmişlər. Həmin məzunlar hamısı ölkənin nüfuzlu ali məktəblərinin tələbələri sırasına daxil olmuşlar. Vurğulanmışdır ki, rayon məzunları respublika miqyasında keçirilən bilik yarışları, müsabiqələr və intellektual oyunlarda yüksək fəallıq nümayiş etdirmişlər.
Çıxış edən digər natiqlər və ali məktəblərə ən yüksək balla qəbul olunmuş tələbələr təhsilə göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq hisslərini ifadə edərək, təhsil uğurlarını daha da artıracaqlarını qeyd etmişlər.
Sonda ən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlara hədiyyələr verilmişdir.