Ağdaşda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının təqdimetmə mərasimi keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 saylı Sərəncamı ilə 3 nəfər ağdaşlı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
19 iyul 2019-cu il tarixdə rayon İcra Hakimiyyətində ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən, yubiley medallarının təqdimatına həsr edilən mərasimi giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə çıxış edərək qeyd etdi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalının təsis edilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Daha sonra qeyd edildi ki, bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Təltif edilənlərdən biri Azərbaycanda maarifçiliyin və mədəniyyətin inkişafında uzun müddət cəsarət və ləyaqətlə fəaliyyət göstərən, 12 dekabr 1919-cu ildən Azərbaycan Cümhuriyyətinin parlamentində Əhrar partiyasının üzvü kimi fəaliyyət göstərən, görkəmli şərqşünas və maarifpərvər ziyalı Muxtar Əfəndizadənin qızı Fəridə Əfəndiyevadır.
Fəridə Əfəndiyeva çıxışı zamanı Cumhuriyyət liderləri və atasının xatirəsinə göstərilən böyük hörmət və ehtirama görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ailəsi adından sonsuz təşəkkürlərini ifadə etdi, yubiley medalının daşıyıcısı olmaqdan qürur duyduğunu dilə gətirməklə, bu medalın dövlət başçısının ağdaşlılara göstərdiyi növbəti yüksək dəyər və qiymətin bariz nümunəsi olduğunu bildirdi.
Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin deputatı, parlamentdə təhsil fraksiyasında fəaliyyət göstərmiş Muxtar Əfəndizadə irsinin yorulmaz tədqıqatçısı, rayonun yaradıcı ziyalılarından biri olmuş Ağəli Ağayev bu yaxınlarda dünyasını dəyişdiyinə görə dövlət təltifi mərhumun qardaşı Akif Mahmudova təqdim edildi.
Rayonun ictimai-siyasi və sosial-mədəni həyatında fəal iştirak edən Qarabağ qazisi İsmayıl Xudiyev ona göstərilən diqqətə və dövlət təltifinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə etməklə, bu etimadı doğruldacağını bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.