Ağdaşlı gənclər Cocuq Mərcanlıya səfər etdilər.
2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı nəticəsində azad edilən, Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilmiş bərpa-quruculuq işləri başa çatdıqdan sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi respublikamızın ən çox ziyarət olunan məkanlarından birinə çevrilib. Burada yenidən məskunlaşan soydaşlarımız öz ata-baba yurdunda tam təhlükəsiz şəraitdə yaşayırlar.
Novruz bayramı münasibəti ilə rayon Gənclər və İdman İdarəsinin bir qrup əməkdaşı və Ağdaş Dövlət Humanitar Kollecinin tələbə-müəllim kollektivi tərəfindən 12 mart 2019-cu il tarixdə N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinə bayram sovqatı aparılmış, məktəbin ərazisində xatirə ağacı əkilmişdir.
Tələbə və müəllimlər daha sonra Cocuq Mərcanlı kəndində yerli sakinlər və N saylı hərbi hissənin əsgərləri ilə görüşərək Novruz bayramı şənliyində iştirak etmişlər.
Cocuq Mərcanlıya qayıdışı görən ağdaşlı gənclərdə bu səfər zəngin təəssüratlar yaratmış, onlarda Milli Ordumuz tərəfindən işğal altındakı digər ərazilərin də tezliklə azad ediləcəyinə böyük ümid və inam hisləri yaratmışdır.