Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Xocalı faciəsinin 27-ci ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur.

27 fevral 2019 | 11:00

Ağdaşda  Xocalı faciəsinin 27-ci ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur.
Xocalı faciəsinin ildönümü ilə bağlı rayonun əmək kollektivləri, ümumtəhsil, peşə, orta ixtisas təhsili müəssisələri və mədəniyyət ocaqlarında anım mərasimləri,  idman yarışları, kitab və rəsm sərgiləri təşkil olunmuşdur.
Fevralın 26-da rayonun bütün təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunmuşdur.
Tədris müəssisələrində keçirilən tədbirlərdə Xocalı faciəsinin insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olmasının əsl səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanmış, 27 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanmış, terroru dəstəkləyənlər qətiyyətlə pislənilmişdir.
Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq 26 fevral 2019-cu il tarixdə Heydər  Əliyev Mərkəzində  rayon ictimaiyyəti nümayəndələri və  rayonda məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə anım tədbiri keçirilmişdir. Tədbirdə gənc rəssamların əl işlərindən ibarət sərgiyə  baxış keçirilmişdir.
Tədbir iştirakçıları tərəfindən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Rayon İcra Hakimiyyətinin birinci müavini İsmayıl Yusifzadə və digər natiqlərin  çıxışlarında Xocalı qətliamı ürək ağrısı ilə bir daha xatırlanmış, dünyanın əksər dövlətləri tərəfindən faciəni törədən baiskarlara qarşı münasibətdə ikili standartların tətbiq olunduğu qeyd  edilmiş, insanlığa sığışmayan bu  soyqırım aktına hələ də beynəlxalq miqyasda düzgün hüquqi qiymət verilmədiyi, müqəssirlərin uzun müddət  cəzasız qaldığına görə etirazlar bildirilmiş, erməni vəhşiliyi və qəddarlığı pislənilmişdir.
Tədbirin yekununda Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya nümayiş etdirilmişdir.
26 fevral 2019-cu il tarixdə rayonun bütün ərazisində matəm əlaməti olaraq dövlət bayraqları endirilmiş, saat 17:00-da rayon mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi  bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər