Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib

30 oktyabr 2018 | 11:00

30 oktyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirildi.
Tədbirdən əvvəl rayon rəhbərliyi və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzdülər.
Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Prezident Administrasiyasının məsul əməkdaşı, Ağdaş, Mingəçevir, Yevlax, Ucar və Kürdəmir rayonlarının İcra hakimiyyətləri başçılarının müavinləri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların adıçəkilən rayonlardakı yerli strukturlarının məsul nümayəndələri iştirak edirdilər.
Seminar-müşavirədən öncə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş olundu.
Seminar-müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov açaraq nümunəvi dövlət-din münasibətlərindən, dövlətin din siyasətindən danışdı. Qeyd olundu ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək dövlətin din siyasətinin əsas prioritet istiqamətləri barədə məlumat verdi.
Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verdi.
Seminar-müşavirədə çıxış edən Daxili İşlər Nazirliyinin şöbə rəisi Oktay Tağıyev vurğuladı ki, sabit, tolerant, regionun ən qüdrətli ölkəsi olan Azərbaycan xarici qüvvələrin təhdidlərindən kənarda deyil. O, iştirakçıları ölkəmizdə ekstremist ideyaların yayılması cəhdlərinə, habelə humanitar yardım adı altında fəaliyyət göstərən missionerlərə qarşı ayıq-sayıq olmağı səslədi.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazisi Əli Məmmədov ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, yad dini ideologiyaları İslam adı altında təbliğ etməyə çalışan bəzi ünsürlərə qarşı mübarizədə din xadimlərinin qarşısında duran vəzifələrdən və bu sahədə həyata keçirilən tədbirlərdən bəhs etdi.
Seminar-müşavirədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov da iştirak edirdi.

Keçidlər