Ağdaş qəzetinin 80 illik yubileyi keçirilmişdir
18 dekabr 2012-ci il tarixdə Ağdaş rayon İcra Hakimiyyətində “Ağdaş qəzetinin 80 illik yubileyi” münasibəti ilə Dəyirmi masa keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları Heydər Parkında Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər.
Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Cavid Osmanov giriş sözü ilə tədbiri açıq elan edərək, Rayon rəhbərliyi adından tədbir iştirakçılarını salamladı və qəzet əməkdaşlarını, rayon ictimaiyyətini yubiley münasibəti ilə təbrik etdi, onlara gələcək işlərində uğurlar, nailiyyətlər arzuladı və ölkə rəhbərliyinin Kütləvi informasiya vasitələrinə olan diqqət və qayğısından danışdı. “Ağdaş qəzeti 80 ildə” mövzusunda məruzə edən Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov qeyd etdi ki, ilk nömrəsi 1932-ci ilin 7 yanvar tarixində “Pambıqçı” adı ilə nəşr olunan qəzet sonralar Pambıq uğrunda mübarizə, Yeni həyat, Əmək və Ağdaş adı ilə fəaliyyətini davam etdirmişdir. Bu dövr ərzində qəzetin 7 redaktoru olmuş, keçdiyi şərəfli yola görə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmiş, yaxşı işlərinə görə iki nəfər redaktor əməkdar jurnalist adları ilə təltif olunmuşlar.
Məruzə ətrafında çıxış edən natiqlər Azərbaycan Respublikası Prezidentinin rayonumuza etdiyi tarixi səfərlər barədə qəzetdə dolğun şəkildə yazıların dərc olunmasından, rayon rəhbərliyinin qəzetə qayğısından söz açmış, redaksiyanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar. Sonda qəzet əməkdaşlarına və bir qrup sabiq işçilərinə mükafatlar təqdim olunmuşdur.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov yekunlaşdırmışdır.