Ağdaşda “Bilik günü” münasibətilə tədbirlər keçirilib
Ağdaşda “Bilik günü” münasibətilə tədbirlər keçirilib.
15 sentyabr 2018-ci il tarixdə “Bilik günü” və yeni dərs ilinin başlanması münasibəti ilə rayonun ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində təntənəli tədbirlər qeyd olunmuşdur.
2018/2019-cu dərs ilinin başlanğıcı bir sıra ümumtəhsil məktəblərində əlamətdar hadisələrlə zəngin olmuşdur. Belə ki, Pirəyir kənd ibtidai, Dovudlu, Qarasuqumlaq, Zeynəddin, Yenikənd kənd ümumi orta məktəblərin şagird və pedaqoji kollektivləri yeni dərs ilini cari ildə istifadəyə verilmiş, müasir tədris inventar və avadanlıqları ilə təchiz edilmiş modul tipli yeni məktəb binalarında qarşılamışlar.
Bu münasibətlə keçirilən açılış mərasimlərində rayon ictimaiyyətinin nümayəndələri, valideynlər və təhsil işçiləri təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq hisslərini ifadə etmiş, təhsilin inkişafına hərtərəfli dövlət dəstəyinə adekvat olaraq yeni dərs ilində yüksək tədris uğurlarının əldə edilməsi üçün səylərini daha da artıracaqlarını bildirmişlər.
Qeyd edilmişdir ki, 2018-ci ildə rayonun tam orta məktəblərini bitirmiş məzunların 285 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında göstərdikləri nəticələrə əsasən tələbə adını qazanmışdır.
Onlardan 67 nəfəri qəbul imtahanlarında 500-700 bal intervalında nəticələr göstərmiş, 16 nəfəri isə 600-dən yuxarı bal toplamaqla respublikamızın ən nüfuzlu universitetlərinin tələbələri sırasına daxil olmuşdur.
M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyanın məzunu Məhərrəmli Fərzalı ali məktəblərə qəbul imtahanında göstərdiyi tədris uğuruna görə Prezident təqaüdünə layiq görülmüşdür.
Yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində keçirilən tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, məktəblərin sabiq məzunları, müharibə iştirakçıları və əmək veteranları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, müəllim, şagird və çoxsaylı valideynlər daxil olmaqla, minlərlə rayon sakinləri iştirak etmişdir.
Qeyd edək ki, rayonda ümumtəhsil məktəblərinin infrastrukturunun möhkəmləndirilməsi sahəsində tədbirlər davam etdirilir. Hazırda Nizami adına 624 şagird yerlik tam orta məktəbinin əsaslı təmiri işləri sürətlə davam etdirilir. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait olacaq.
Eyni zamanda ilin sonunadək rayonun daha 5 kəndində - Binələr, Bulaqotağı, Əmirmahmud, Malay, Xınaxlı kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanılacaqdır.