Ağdaşda yeni bağça tikintisi davam edir
Ağdaş rayonunda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün lazımi tədbirlər görülür.
Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında” 12 fevral 2018-ci il tarixli sərəncamının icrasına uyğun olaraq Ağdaş şəhərində 80 yerlik 8 nömrəli körpələr evi-uşaq bağçasının tikintisinə başlanılmışdır.
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə tikinti işlərini podratçı təşkilat olan "XİM EKSPRES-2000" MMC həyata keçirir.
Sahəsi 692,08 kvadratmetr olan Ağdaş şəhər 8 saylı körpələr evi-uşaq bağçası bir korpusdan ibarətdir.
Bağçanın korpusu iki mərtəbədən və zirzəmidən ibarətdir. Əsas binadan əlavə hər birinin həcmi 100 kubmetr olan iki ədəd su anbarı, nasosxana və qazanxana da tikilir.
Bağçada oyun meydançası, çardaq da inşa edilir ki, bu da uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün olduqca vacibdir. Həmçinin əsas binada yataq otaqları, qrup oyun otaqları, qəbul otağı, texniki otaq, bufet, mətbəx, tibb kabineti, ütüləmə, qabyuma otağı da olacaq.
Yeni körpələr evi-uşaq bağçasını ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.