Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqi mövzusuna həsr olunmuş maarifləndirici tədbir keçirildi.
Məlum olduğu kimi “İcbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin genişləndirilməsi və “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişiklik edilmiş, konkret olaraq “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq edilmişdir.
Dövlətin əsas hədəflərinə uyğun olaraq tibbi xidmətin rayon sakinlərinin hər biri üçün əlçatan olması, eyni zamanda səhiyyədə aparılan islahatlara uyğun olaraq təsdiq edilmiş Fərmanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı çevikliyinin artırılması üçün zəruri olan bütün mexanizmlər, o cümlədən istinad ediləcək hüquqi-qanunvericilik bazası öz əksini tapmışdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ağdaş rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbir Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqi mözusuna həsr edilmişdir.
Heydər Əliyev Mərkəzi və Habil Əliyev adına uşaq musiqi məktəblərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə yeni sistemin özəllikləri barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertiza şöbəsinin müdiri Sadiq Mədətov və Qeydiyyat, statistika və strateji təhlil şöbəsinin koordinatoru Tural Qulu çıxış edərək icbari tibbi sığortanın əhalinin sosial müdafiəsinin bir forması olduğunu diqqətə çatdırmaqla ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən bu tədbirlərin əhəmiyyəti, sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstəriləcəyi barədə ətraflı məlumat vermişlər.
Tədbirin yekununda iştirakçıların sualları cavablandırılmışdır.