Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Habil Əliyev adına uşaq musiqi məktəbinin 80 illik yubileyi qeyd olundu.

22 dekabr 2017 | 11:00

Dekabr ayının 22-də Habil Əliyev adına uşaq musiqi məktəbində məktəbin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə iştirak edənlər musiqi məktəbinin şagirdlərini və müəllimlərini yubiley münasibətilə təbrik etmiş, onlara yeni yaradıcılıq uğurları diləmişdir.
Çıxış edənlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın musiqi ilə məşğul olan yeniyetmə və gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışaraq bildirmişlər ki, Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur.
Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondu tərəfindən musiqi məktəbi üçün yeni bina tikilmiş, bu təhsil ocağı zəruri inventar və musiqi avadanlıqları ilə təchiz edilmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova pedaqoji kollektivə rayon rəhbərliyinin təbrik məktubunu səsləndirmişdir.
Bildirilmişdir ki, bu məktəbdən  pərvazlanan görkəmli kaman ifaçıları xalq artistləri Habil Əliyev, Munis Şərifov, uzun illər M.Maqomayev adına Dövlət Filarmoniyasının solisti olmuş xanəndə Ramiz Hacıyev  kimi peşəkar musiqiçilər ifaçılıq sənətinin zirvəsinə gedən yolda ilk kövrək addımlarını bu tədris ocağında atmış, Azərbaycan musiqi mədəniyyətinin inkişafına öz layiqli töhfələrini vermişlər.
Məktəbin direktoru Rafiq İsgəndərov pedaqoji kollektiv və valideynlər adından Azərbaycanın istedadlı uşaq və gənclərinə hər zaman göstərdikləri qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişdir.
O, daha sonra çıxış edərək qeyd etmişdir ki, məktəbin istedadlı məzunlarının bir çoxu respublikanın məşhur musiqi kollektivləri və mədəniyyət ocaqlarında çalışmaqla yanaşı, hazırda məzunların bir qismi nüfuzlu tədris ocaqları - Milli Konservatoriya və Musiqi Akademiyasında təhsillərini uğurla davam etdirirlər.
Tədbir boyunca Musiqi məktəbinin xor kollektivi, istedadlı musiqiçilər, Göyçay, Şəki və digər rayonlardan olan musiqi məktəblərinin nümayəndələri musiqi nömrələrini təqdim etmiş, təbriklərini çatdırmış və məktəbin 80 illiyi ilə əlaqədar video çarx nümayiş etdirilmişdir.

Keçidlər