Şriftin ölçüsü :

Saytın rəngi :

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Ağdaşda aztəminatlı ailələr üçün meyvə bağları salındı.

18 noyabr 2017 | 11:00

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə noyabrın 17-də Ağdaş rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salındı.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında təşkil edilən ağacəkmə aksiyası zamanı Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ekoloji problemlərin həllinin daim diqqətdə saxlanıldığını, təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə olunduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Dövlət proqramlarında ekoloji problemlərin həlli üçün zəruri olan bütün vəzifələr elmi əsaslarla müəyyənləşdirilib.
Tədbirdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın bu istiqamətdə xidmətlərindən də danışılıb. Qeyd edilib ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə ekologiyanın qorunması ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər keçirilib, indiyədək 5 milyondan çox ağac əkilib. IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığı bərpa etmək, yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.
Sonra ağacəkmə aksiyasına start verilib. Ağdaş Dövlət Humanitar Kollecinin tələbələri və orta məktəblərin yuxarı sinif şagirdləri tərəfindən 2,1 hektar ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları Ağdaş rayonunda yaşayan aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq göstərərək məhsul götürməklə gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanıblar.
Ağaclar əkildikdən sonra yeni meyvə bağının salındığı torpaq sahələrinin sənədləri sahiblərinə təqdim edilib. Qarabağ müharibəsində şəhid olan Rahis Qəribov və Ömər Cəbrayılovun ailə üzvləri, ikinci qrup əlil Məhərrəm Əzimov bu xeyriyyə aksiyası zamanı hər biri üçün 400 ədəd nar ağacının əkildiyi 0,70 hektar bağ sahəsinin verilməsinə görə çox sevindiklərini bildirib, onların dolanışıq şəraitinin yaxşılaşmasına kömək məqsədilə həyata keçirilən bu təşəbbüsə görə Leyla xanım Əliyevaya minnətdarlıq ediblər.Sonra yerli musiqiçilərin ifasında şən mahnılar səsləndirildi, ağacəkmə aksiyasında iştirak edən gənclər rəqs ediblər.
Tədbirin yekununda aksiya iştirakçıları üçün şirniyyat süfrəsi açıldı.

Keçidlər