“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələ rayonuna yola salındı.
16 noyabr 2017-ci il tarixdə saat 12:00-da rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan fəal şagirdlərin bir qrupu və onları müşayiət edən şəxslərin “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala rayonları istiqamətində yolasalma mərasimi keçirildi.
Tədbirdən öncə rayon ictimaiyyəti nümayəndələri və tur-aksiya iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüldü.
Heydər Əliyev Mərkəzinin önündə davam etdirilən tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyətinin başçısı Tofiq İbrahimov çıxış edərək qeyd etdi ki, artıq dördüncü ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını almışdır. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Tədbirdə çıxış edən millət vəkili Cavid Osmanov “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın dövlət başçısının yeniyetmə və gənclərə həssas münasibətinin, diqqət və qayğısının əyani təcəssümü olduğunu vurğulamaqla, həmin aksiyanın önəminə diqqət çəkərək, onun şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət daşıdığını, onların bölgələrin ictimai və mədəni həyatında baş verən mühüm dəyişikliklərlə daha yaxından tanış olmaq imkanını əldə edəcəklərinə inam hissi ifadə etdi.
Digər çıxış edənlər yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıq hisslərini ifadə etdilər.
Tədbir musiqili-əyləncəli proqramla davam etdirildi.
Tur-aksiya iştirakçıları dövlət yol polisinin müşayiəti ilə avtobusla Qəbələ rayonuna yola salındı.