Ağdaşda “Bilik günü” münasibətilə tədbirlər keçirilib.
15 sentyabr 2017-ci tarixdə “Bilik günü” və yeni dərs ilinin başlanması münasibəti ilə rayonun ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində tədbirlər qeyd olunmuşdur.
Tədbirlərdə çıxış edən natiqlər təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə, eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət, qayğıya görə minnətdarlıq hisslərini ifadə etmiş, təhsilin inkişafına hərtərəfli dövlət dəstəyinə adekvat olaraq yeni dərs ilində yüksək tədris uğurlarının daha da artırılması üçün səylərini daha da artıracaqlarını bildirmişlər.
Qeyd edilmişdir ki, 2017-ci ildə rayonun tam orta məktəblərini bitirmiş məzunların 279 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında göstərdikləri nəticələrə əsasən tələbə adını qazanmışdır. Onlardan 60 nəfəri qəbul imtahanlarında 500-700 bal intervalında nəticələr göstərmiş, 13 nəfər isə 600-dən yuxarı bal toplamaqla respublikamızın ən nüfuzlu universitetlərinin tələbələri sırasına daxil olmuşdur.
Həmin gün ərzində Ağdaş Dövlət Humanitar Kollecində Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Peşə məktəbi və kollecin tələbələrinin iştirakı ilə “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda mühazirə oxumuşdur.
Yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində keçirilən tədbirlərdə yerli icra strukturlarının rəhbərləri, dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, müəllim, şagird, tələbə və çoxsaylı valideynlər daxil olmaqla, minlərlə rayon sakinləri iştirak etmişdir.