Ağdaşda təhsil işçilərinin konfransı keçirildi.
7 sentyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ağdaş rayon təhsil işçilərinin “2016/2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr”ə həsr edilən konfransın plenar iclası keçirildi.
Konfransın plenar iclasında məktəb rəhbərləri, qabaqcıl müəllimlər, respublika fənn olimpiadalarının qalibləri, rayonun ümumtəhsil məktəblərini 2017-ci ildə bitirərək respublikanın ali məktəblərinə qəbul zamanı 600 baldan yuxarı nəticə göstərmiş tələbələr, rayon ictimaiyyəti, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Konfrans nümayəndələri tərəfindən tədbirdən öncə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzülməklə, xatirəsi ehtiramla yad edildi.
Dövlət himni səsləndirildikdən sonra konfrans öz işinə başladı.
Rayon təhsil şöbəsinin müdiri Hürü Əliyeva “2016/2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr”lə bağlı məruzə ilə çıxış etdi.
Məruzə ətrafında müzakirələrdə Kotavan kənd tam orta məktəbin ibtidai sinif müəllimi İlhamə Abduləzizova, Azərbaycan Tibb Universitetinin I kurs tələbəsi Aysel Əliyeva (665 bal), Yuxarı Ləki kənd tam orta məktəbində yeni dərs ilində pedaqoji fəaliyyətə başlamaq imkanı əldə etmiş gənc müəllim Jalə İsmayılova, Müşfiq İsayev adına tam orta məktəbin direktoru Ədilxan Ədilov, S.Vurğun adına şəhər 1 saylı tam orta məktəbin müəllimi Şəkər Pirimova çıxış etdilər.
Konfransın işində iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək respublikada təhsilin inkişafı ilə bağlı yeni dərs ilində həyata keçiriləcək dəyişikliklər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verərək konfransın işinə uğurlar arzuladı.
Rayon İcra hakimiyyətinin başçısı Tofiq İbrahimov konfransda çıxış edərək rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər haqqında məlumat verməklə yanaşı, ötən dərs ilinin yekunları, əldə edilən nailiyyətlər və mövcud nöqsanlara toxunaraq yeni dərs ilində onların aradan qaldırılmasına diqqətin artırılmasının vacibliyini vurğuladı.
2017-ci ildə rayonda təhsilin idarə olunmasında fərqlənən bir qrup məktəb rəhbərinə rayon İcra Hakimiyyətinin “Fəxri fərman”ları verildi.
Respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında ixtisas qrupları üzrə 600 baldan yuxarı nəticələr göstərmiş 13 nəfər məzuna hədiyyələr təqdim edildi.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.