20 iyul 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş şöbəsi və rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə ordudan tərxis olunan gənclərlə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoyaraq xatirəsini yad etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin məsul işçisi Qalib Həsənov bildirdi ki, rayon gəncləri vətən qarşısındakı hərbi borclarını şərəflə yerinə yetirir, tərxis olunduqdan sonra rayonun sosial-iqtisadi inkişafında fəal mövqe tuturlar.
Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir.
Dövlət Başçısının, Ali Baş Komandanın həyata keçirdiyi ordu quruculuğu siyasəti həmişə xalq tərəfindən dəstəklənir və müdafiə olunur.
“Ordu xalqın, xalq ordunun dayağıdır” prinsipi əsas götürülür. Bu siyasətdən güc alan Azərbaycan ordusu hər zaman Ali Baş Komandanın əmrinə hazırdır. Və işğalçı dövlətin ordusuna güc tətbiq etməyə daim hazırdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş şöbəsinin rəisi Sadiq İsmayılov çıxışında qeyd etdi ki, Ali Baş Komandanın müəyyən etdiyi siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yarandığı gündən əsaslı tədbirlər görmüş və bu gün də davam etdirilir.
Tədbirdə çıxış edənlər rayon ağsaqqalı Məmməd Məmmədov, Texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyanın gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə rəhbəri Şahin Məmmədov, YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradov, valideyin Sakit Cəfərov qeyd etdilər ki, bu gün burada iştirak edən və iştirak etməyən yüzlərlə hərbçi gənclərimiz xidmətləri dövründə rayonumuzun ünvanına daim xoş təəssüratlar bəxş etmişlər. Vicdanla hərbi xidmətlərini başa vurmuşlar. Bu gün əsas istəyimiz ondan ibarətdir ki, ordu sıralarında xidmət edən gənclərimiz Azərbaycan ordusuna xas olan bütün müsbət keyfiyyətlərə yiyələnsin.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş şöbəsinin rəisi Sadiq İsmayılov hərbi xidmətdən tərxis olunmuş bir qrup rayon gənclərinə hərbi biletlərini təqdim edərək hədiyyələr vermişdir.