Ağdaşda 1 iyun Uşaqları Beynəlxalq Müdafiə günü tədbirlərlə qeyd olundu.
Tədbirlərə 1 iyun 2017-ci il tarixdə saat 9:00-dan başlayaraq Heydər Əliyev Mərkəzinin qarşısında, ulu öndər Heydər Əliyevin abidəsi önündəki meydanda start verildi.
Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən, 68 ümumtəhsil məktəbi və 3 məktəbdənkənar təhsil müəssisəsi kollektivlərinin qatıldığı bilik sərgisində 19 bölmə üzrə 1500 nəfərə yaxın şagirdin nailiyyətləri nümayiş etdirilirdi.
Sərgi zamanı şagirdlər seçdikləri fənlər və məktəbdənkənar fəaliyyətləri ilə bağlı hazırladıqları layihələr barədə ətraflı məlumat verməklə yanaşı, iştirakçılara Azərbaycan dili, ədəbiyyat, fizika, kimya, biologiya, fiziki tərbiyə, texnologiya fənlərinə aid təcrübi sınaqları, əl işləri, idman, hərbi-vətənpərvərlik tərbiyəsinə aid bilik və bacarıqlarını əyani şəkildə sərgiləyirdi.
Rayonun flora və faunasına aid olan bitki və heyvanat aləminin əyani və canlı şəkildə nümayişi, kürqırağı ərazidə vaxtilə ərzaq məhsulu kimi istifadə olunan bılıx meyvəsi, tarixi keçmişimizi əks etdirən qədim alətlər, qab-qacaqlar, şagirdlərin respublika bilik yarışmalarında iştirakını əks etdirən diplom və fəxri fərmanlar iştirakçılarda böyük maraq doğurdu.
Tədbir boyunca məktəblilərin ifasında şən rəqslər, oynaq mahnılar, idmançıların akrobatik hərəkətləri, stolüstü idman oyunları üzrə yarışmalar tədbirdə qonaq qismində iştirak edən rayon sakinlərində xoş ovqat yaratdı.
Həmin gün ərzində 11 saylı körpələr evi-uşaq bağçasında Uşaqları Beynəlxalq Müdafiə gününə həsr edilən tədbir keçirildi. Tədbirdə uşaqların ifasında Vətənə, dövlətə aid şeirlər səsləndi. Uşaqlar musiqi sədaları altında şən rəqslər etdilər.
Tədbir əhalinin daha çox yaşadığı, çoxmərtəbəli yaşayış binasının qarşısında yeni salınan uşaq meydançasında maraqlı oyun və gəzinti ilə başa çatdı.
Şəhər sakinləri uşaqlar üçün yaradılan şəraitə görə minnətdarlıq hisslərini ifadə etdilər.