Ağdaş rayonunda Beynəlxalq Ailə günü qeyd olundu.
13 may 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə nümunəvi uzunömürlü ailələrin iştirakı ilə Beynəlxalq Ailə gününə həsr olunmuş bədii proqramla müşayiət olunan tədbir keçirildi.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zamanında, eyni zamanda onun dövlətçilik siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi, sağlam ailələrin formalaşdırılmasının təmin edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Azərbaycan dövləti layiqli, sosial-mənəvi inkişafını təmin edən, gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında olduqca maraqlıdır.
Bildirilmişdir ki, qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatın hər sahəsinə nüfuz etməsi bir sıra müsbət tendensiyalarla yanaşı, bəzən neqativ rol da oynayır. Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir. Təəssüf ki, ailə münasibətlərində arzuolunmaz meyllər, o cümlədən ata-babalarımızdan qalma həyat tərzinə xor baxma halları baş verir. Cəmiyyət, hər bir vətəndaş bu yad meyllərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməlidir.
Çıxış edənlər ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Azərbaycan Respublikasının birinci vitse Prezidenti , Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən ailə problemlərinin həlli istiqamətində önəmli layihələrin gerçəkləşdirilməsini xüsusilə qeyd etmişlər.
Tədbirin gedişi zamanı rayon Qeydiyyat şöbəsi tərəfindən rayonun sakinləri olan bir neçə gənc cütlüklərin nikahları qeydə alındı.
Tədbir boyunca məktəbəqədər təhsil müəssisələrində ictimai tərbiyə ilə əhatə edilən uşaqların ifasında şeir çələngi təqdim edildi, mədəniyyət kollektivləri üzvlərinin ifasında səsləndirilən rəngarəng musiqi və şən nəğmələr iştirakçılarda xoş ovqat yaratdı.