Ağdaşda 1941-1945-ci illər müharibəsində Qələbənin 72-ci ildönümü qeyd olundu.
9 may 2017-ci il tarixdə rayonda 1941-1945-ci illər İkinci Dünya Müharibəsində Qələbənin 72-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları, arxa cəbhə veteranları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə Şəhidlər abidə-kompleksində İkinci Dünya Müharibəsində həlak olan ağdaşlıların şərəfinə ucaldılan abidə ziyarət edildi, abidənin önündə xatirə şəkli çəkdirildi, sonra isə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gələrək onun nurlu xatirəsinə ehtiram əlaməti olaraq tər güllər düzdülər.
Qələbə bayramına həsr olunan tədbir Heydər Əliyev Mərkəzində təşkil edilən çay süfrəsi arxasında davam etdirildi.
Çıxış edənlər 1941-1945-ci illər müharibəsində əldə edilən tarixi Qələbədə ön və arxa cəbhədə fədakarlıqla vuruşan ağdaşlılar barədə geniş məlumat verdi, müharibənin davam etdiyi 5 ilə yaxın dövr ərzində 9 mindən artıq ağdaşlının cəbhəyə səfərbər olunduğu, yola salınanların 4 min nəfərinin həlak olduğu və yaralanaraq şikəst və əlilliyə məruz qaldığı diqqətə çatdırıldı.
Qeyd olundu ki, müharibənin tarixi qələbə ilə sona çatmasına ağdaşlılar da öz layiqli töhfələrini bəxş etmiş, 2 nəfər ağdaşlı-Fariz Səfərov və Səməd Abdullayev Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüş, ön və arxa cəbhələrdə nümayiş etdirdikləri döyüş şücaəti və fədakarlıqlarına görə yüzlərlə rayon sakininin orden və medallarla təltif edildiyi diqqətə çatdırıldı.
Tədbir rayonun mədəniyyət kollektivlərinin ifasında rəngarəng konsert proqramı ilə sona çatdı.