Ağdaşda “Bilik günü” münasibətilə tədbirlər keçirilib.
15 sentyabr 2016-cı tarixdə “Bilik günü” və yeni dərs ilinin başlanması münasibəti ilə rayonun ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrində təntənəli tədbirlər qeyd olunmuşdur.
2016/2017-ci dərs ilinin başlanğıcı bir sıra ümumtəhsil məktəblərində əlamətdar hadisələrlə zəngin olmuşdur. Belə ki, Tofiqi kənd tam orta, Ərəbşəki, Qarağanşıxlar və Qülbəndə kənd ümumi orta məktəblərin şagird və pedaqoji kollektivləri yeni dərs ilini 2016-cı ildə istifadəyə verilmiş, müasir tədris inventar və avadanlıqları ilə təchiz edilmiş yeni məktəb binalarında qarşılamışlar.
Bu münasibətlə keçirilən açılış mərasimlərində rayon ictimaiyyətinin nümayəndələri, valideynlər və təhsil işçiləri təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya təhsil sahəsinə göstərdikləri diqqət qayğıya görə minnətdarlıq hisslərini ifadə etmiş, təhsilin inkişafına hərtərəfli dövlət dəstəyinə adekvat olaraq yeni dərs ilində yüksək tədris uğurlarının əldə edilməsi üçün səylərini daha da artıracaqlarını bildirmişlər.
Həmin gün ərzində respublika Bilik Fondunun məsul nümayəndəsi, Alban-Udin Xristian dini icmasının rəhbəri Robert Mobili tərəfindən Səməd Vurğun adına şəhər tam orta məktəbində “Heydər Əliyev və Azərbaycan məktəbi” mövzusunda mühazirə oxunmuşdur.
Tədbirlərdə qeyd edilmişdir ki, 2016-cı ildə rayonun tam orta məktəblərini bitirmiş məzunların 268 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında göstərdikləri nəticələrə əsasən tələbə adını qazanmışdır. Onlardan 36 nəfəri qəbul imtahanlarında 500-700 bal intervalında nəticələr göstərmiş, 9 nəfər isə 600-dən yuxarı bal toplamaqla respublikamızın ən nüfuzlu universitetlərinin tələbələri sırasına daxil olmuşdur.
2016/2017-ci dərs ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupunda ən yüksək nəticə əldə edənlər sırasında fərqlənən, Maqsud Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyanın məzunu Röya Xəlil qızı Qədimli 690 bal toplayaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yeni dərs ilində Prezident təqaüdünə layiq görülmüşdür.
Tədbirlərdə yerli icra strukturlarının rəhbərləri, dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, müəllim, şagird, tələbə və çoxsaylı valideynlər daxil olmaqla, minlərlə rayon sakinləri iştirak etmişdir.