Ağdaşda ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı anım tədbirləri ilə qeyd olunmuşdur.
Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq dekabr ayının əvvəlindən başlayaraq rayonda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Rayonun inzibati ərazi nümayəndəlikləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində keçirilən ədəbi-bədii tədbirlər, disputlarda Azərbaycan dövlətinin tarixi və taleyində misilsiz xidmətləri olan ulu öndərin nurlu xatirəsi ehtiramla yad edilmiş, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ictimai-siyasi, iqtisadi, sosial- mədəni həyatın bütün sahələrində dinamik inkişafa nail olunduğu qeyd edilmiş, rayon məscidlərində keçirilən dini mərasimlər zamanı ruhuna dualar edilmişdir.
12 dekabr 2016-cı il tarixdə rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, tələbələr, veteranlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivlərinin üzvləri, bütövlükdə isə 15 mindən artıq rayon sakini ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini dərin hörmətlə anmışlar.
Rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzinə gələrək ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmə və foto stendlərə tamaşa etmişdir. Burada ulu öndərin müqəddəs ruhunun anılması məqsədilə ehsan süfrəsi təşkil edilmişdir.
Tədbirdə çıxış edən rayon fəalları müstəqil Azərbaycan dövlətinin sükanının bu gün də etibarlı əllərdə olmasını minnətdarlıq hissi ilə qeyd etmiş, son 13 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də Ağdaşda görülən genişmiqyaslı abadlıq və quruculuq işlərindən, insanların sosial problemlərinin həlli istiqamətində atılan müdrik addımlardan, müstəqil Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan söhbət açmışlar.
Gün ərzində Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmiş, saat 12:00-da rayon mərkəzində avtomobillərin səs siqnalları vasitəsilə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.