Ağdaşda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü qeyd olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümü Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə qeyd edilmişdir.
Tədbirdən öncə rayon ictimaiyyətinin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gələrək tər çiçək dəstələri düzmüşlər.
Heydər Əliyev Mərkəzində konfrans zalında davam edən tədbirdə ulu öndərin həyatı və dövlətçilik fəaliyyətinə həsr edilən filmin nümayişindən sonra ümummilli lider Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin xalqımızın taleyində böyük rol oynadığı, xalqımızın ümummilli liderinin apardığı islahatlar nəticəsində Azərbaycanın 1969-1982-ci illərdə aqrar ölkədən hərtərəfli inkişaf edən sənaye ölkəsinə çevrildiyi, eyni zamanda bu müddət ərzində ölkəmizin keçmiş müttəfiq respublikalar arasında bütün fəaliyyət istiqamətləri üzrə daim öncüllər sırasında olduğu diqqətə çatdırılmışdır.
Müstəqilliyin ilk illərində ümummilli liderin hakimiyyətə təkrar qayıdışı isə Azərbaycanı parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etmişdir.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dönəmləri ərzində Ağdaş rayonunun iqtisadiyyatı sürətlə inkişaf etmiş, onlarla sənaye obyektləri, emal müəssisələri işə düşmüş, rayon ərazisində yüzlərlə kilometr yollara asfalt örtük döşənmiş, onlarla müasir tipli təhsil, səhiyyə və mədəniyyət ocaqları, yeni yaşayış binaları tikilmiş, rayon mərkəzi , qəsəbə və kəndlərin işıq, qaz və su təchizatı ilə bağlı problemlərinin həllində böyük dönüşə nail olunmuşdur.
Çıxışlarda vurğulanmışdır ki, ulu öndər respublikaya rəhbərliyi dövründə 5 dəfə Ağdaş rayonuna səfər etmiş, onunla keçirilən unudulmaz görüşlər ağdaşlıların qəlbində silinməz izlər buraxmaqla, bu gün də məmnunluqla xatırlanır.
Tədbirdə qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev təkrar siyasi hakimiyyətə qayıdışından sonra titanik fəaliyyəti ilə sevdiyi xalqına firavan, dinamik inkişaf edən bir dövlət miras qoyub getmiş, onun böyük quruculuq missiyası və dövlətçilik ənənələri möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.