Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Ağdaşda ictimai dinləmələr keçirildi

24 iyun 2016 | 11:00

Məlum olduğu kimi, respublikanın regionlarında Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) müvafiq bəndlərinin icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən ictimai dinləmələr keçirilir.
21 iyun 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində təşkil olunmuş növbəti tədbirdə yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının, müxtəlif dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, QHT və KİV təmsilçiləri, habelə əhalinin müxtəlif qruplarının nümayəndələri, gənclər, qadınlar, ağsaqqallar, ziyalılar iştirak etmişlər.
Tədbirdən öncə rayon rəhbərliyi və Ombudsman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Sonra ictimai dinləmə insan hüquqlarının müdafiəsi və təbliği sahəsində şəhərdə həyata keçirilən tədbirlərlə bağlı Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov giriş sözü ilə başlamış, vətəndaşları narahat edən məsələlərin, onların problemlərinin həlli məqsədilə geniş müzakirəsi və əməkdaşlıq baxımından ictimai dinləmənin əhəmiyyəti, habelə şəhərin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər vurğulanmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində Ağdaşın son illər sürətlə inkişaf etdiyini, yeni işlərinin yaradılması, rayonda aqrar sahənin inkişafında  yeni mərhələnin başlandığını qeyd etmişdir.
İnsan hüquları sahəsində ölkəmizdə qəbul olunmuş üç mühüm strateji sənəd haqqında danışan Ombudsman 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş MFP-nin bəndlərinin yeni istiqamətlər və tədbirlər müəyyən etdiyini bildirmiş, sənədin fəsilləri üzrə müvafiq bəndlərinin dövlət qurumları üçün müəyyən etdiyi vəzifələr, eləcə də insan hüquqlarının müdafiəsinin prioritet istiqamətləri ilə bağlı təcrübi misallar əsasında fikirlərini bölüşmüşdür.
Dini və milli tolerantlığın hökm sürdüyü, “Multikulturalizm ili” elan olunduğu Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə islahatların hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayan Müvəkkil, vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığı və keyfiyyəti, elektron xidmətlər, habelə bir çox problemlərin qarşısının alınması baxımından “ASAN” xidmət mərkəzlərinin və bu xidmətin səyyar qruplarının uğurlu fəaliyyətini göstərməklə yüksək dəyərləndirmişdir.
Uğurlu siyasətin məntiqi davamı olaraq, dövlətimizin humanist siyasəti nəticəsində son illərdə imzalanmış 61 əfv sərəncamının və 11 amnistiya aktının əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmış, bu amnistiya aktlarından dördünün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunduğu, sonuncu amnistiyanın 10 min məhkuma şamil edildiyi, 3500 məhkumun isə azadlığa çıxacağı vurğulanmışdır.
Çıxışının sonunda Müvəkkil ictimai dinləmələrin əsas əhəmiyyətini bir daha vurğulamış, müzakirələr nəticəsində verilmiş təklif və tövsiyələrin ümumiləşdirilərək zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini bildirmişdir.
Müzakirə şəraitində keçən dinləmələrdə dövlət qurumlarının, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar çıxış edərək, bu tədbiri yüksək dəyərləndirmiş, təmsil etdikləri qurumların fəaliyyəti, rayonda MFP və insan hüquqları üzrə keçirilmiş tədbirlər və digər məsələlər barədə ətraflı məlumat vermişlər.
Eyni zamanda tədbir iştirakçıları tərəfindən bəzi problemlər, o cümlədən ailə institutunun möhkəmləndirilməsi, gənclərin buna hazırlanması və boşammaların qarşısının alınması, bank borclarının və alimentlərin ödənilməsindən boyun qaçırılması, digər mülki mübahisələr, hüquqpozmaların profilaktikası kimi məsələlər qaldırılmış, qanunvericilikdə olan boşluqların aradan qaldırılması istiqamətdə görülməli olan işlər müvafiq qurumların səlahiyyətli şəxsləri ilə müzakirə edilmişdir.
Tədbirin yekununda MFP-nin hər il üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, MFP-nin nüsxələri, Ədliyyə Nazirliyi tərəfindən nəşr olunmuş İctimai iştirakçılıq haqqında qanunvericilik toplusu, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər rayon İcra hakimiyyətinə təqdim olunmuşdur.
Sonda Müvəkkil ona müraciət edən şəxsləri də fərdi şəkildə qəbul etmiş, qaldırdıqları məsələlərlə bağlı yerində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmiş, bəzi müraciətlər üzrə səlahiyyəti çərçivəsində tədbirlərin görülməsini diqqətə çatdırmışdır.

Keçidlər