Ağdaşda 1941-1945-ci illər müharibəsində Qələbənin 71-ci ildönümü qeyd olundu.
9 may 2016-ci il tarixdə rayonda 1941-1945-ci illər müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları, arxa cəbhə veteranları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə Şəhidlər abidə-kompleksində Böyük Vətən Müharibəsində həlak olan ağdaşlıların şərəfinə ucaldılan abidə ziyarət edildi, abidənin önündə xatirə şəkli çəkdirildi, sonra isə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gələrək onun nurlu xatirəsinə ehtiram əlaməti olaraq tər güllər düzüldü.
Qələbə bayramına həsr olunan tədbir Heydər Əliyev Mərkəzində təşkil edilən çay süfrəsi arxasında davam etdirildi.
Çıxış edənlər 1941-1945-ci illər müharibəsində əldə edilən tarixi Qələbədə ön və arxa cəbhədə fədakarlıqla vuruşan ağdaşlılar barədə geniş məlumat verdi, müharibənin davam etdiyi 5 ilə yaxın dövr ərzində 9 mindən artıq ağdaşlının cəbhəyə səfərbər olunduğu, yola salınanların 4 min nəfərinin həlak olduğu və yaralanaraq şikəst və əlilliyə məruz qaldığı diqqətə çatdırıldı.
Qeyd olundu ki, müharibənin tarixi qələbə ilə sona çatmasına ağdaşlılar da öz layiqli töhfələrini bəxş etmiş, 2 nəfər ağdaşlı-Fariz Səfərov və Səməd Abdullayev Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüş, ön və arxa cəbhələrdə nümayiş etdirdikləri böyük döyüş şücaəti və fədakarlıqlarına görə yüzlərlə rayon sakini isə orden və medallarla təltif edildiyi diqqətə çatdırıldı.
Tədbir rayonun mədəniyyət kollektivlərinin ifasında rəngarəng konsert proqramı ilə sona çatdı.