Ağdaşda kitab bayramı keçirildi.
04 may 2016-cı il tarixdə saat 11:00-dan başlayaraq Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən, Ağdaşda ənənəvi olaraq hər il təşkil olunan sayca 8-ci kitab bayramı keçirildi.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə gələrək xatirəsini ehtiramla yad etdilər.
Kitab bayramında 1200-ə yaxın kitab sərgiləndi. Sərgidə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nəşrlərə geniş yer verilmişdir. Mərkəzin geniş foyesində humanitar, hüquq, sahibkarlıq, iqtisadiyyat, kənd təsərrüfatı ilə bağlı məlumat ədəbiyyatları, kitab abidələri sırasına daxil olan qədim, iri həcmli və miniatür kitablar sərgilənməklə yanaşı, sərgilənən kitablar arasında yerli yazarların da nəşrləri yer almışdır.
Tədbirdə rayonun kitabxana, mədəniyyət, təhsil işçiləri, məktəblilər, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
Çıxış edənlər kitab mədəniyyətinin formalaşması istiqamətində ölkə Prezidenti tərəfindən həyata keçirilən tədbirlərin dövlətçiliyimizin mədəni inkişafına mühüm töhfələr bəxş etdiyini qeyd etməklə bərabər, informasiya texnologiyalarının sürətli inkişafına baxmayaraq kitabların hələ də həyatımızda və mədəni tələbatımızın daha dolğun şəkildə ödənilməsində ən dəyərli məlumat mənbəyi olduğunu diqqətə çatdırdılar.
Bayram tədbiri gənc istedadların baxış müsabiqəsinin qaliblərinin rəngarəng konsert proqramı ilə başa çatdı.