Ağdaşda ümumrayon toplantısı keçirildi
5 aprel 2016-cı il tarixdə YAP Ağdaş rayon təşkilatı Ağdaş rayon İcra Hakimiyyəti ilə birlikdə Heydər Əliyev Mərkəzində Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca yaranmış gərgin vəziyyətlə bağlı ümumrayon toplantısı keçirilmişdi.
Tədbirdə rayon ictmaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qarabağ müharibəsinin iştirakçıları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Tofiq İbrahimov açdı. Vətən torpaqları uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxışına davam edərək aprelin 1-dən 2-nə keçən gecə erməni qoşunlarının təxribatı və buna cavab olaraq Azərbaycan Ordusunun nizami bölmələri tərəfindən düşmənə sarsıdıcı zərbələr endirdirildiyini bir daha diqqətə çatdırmaqla Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyevin çıxışının erməni separatçılarına ciddi xəbərdarlıq olduğunu, eyni zamanda cəbhə bölgəsində Azərbaycan əsgərlərinin qəhrəmanlığının əhali arasında böyük ruh yüksəkliyinə səbəb olduğunu qeyd etdi.
Tədbirdə rayon İcra hakimiyyəti başçısının birinci müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Cavid Osmanov, Ağsaqqallar şurasının sədri Rafiq Nəbiyev, Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Ağdaş rayon şöbəsinin sədri İsmayıl Xudiyev və digərləri çıxış edərək düşmən təxribatının qarşısının alınmasında Azərbaycan Ordusunun bütün bölmələrinin, o cümlədən əsgər və zabitlərin böyük peşəkarlıq nümayiş etdirdiklərini yüksək qiymətləndirdilər. Onlar təmas xəttində yaranmış gərginlik, son hadisələr zamanı hərbi qarşıdurma nəticəsində düşmən tərəfin ciddi itkilərə məruz qalmasının əsas günahkarının Ermənistanın kriminal rejimi və onun siyasi havadarlarının olduğunu bildiridilər. Çıxış edənlər ağdaşlıların daim Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini qeyd edərək onunla həmrəy olduğunu diqqətə çatdırdılar.
Ümumrayon toplantısında çıxış edən gənclərin nümayəndələri son günlər cəbhədə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurlara görə sevinc hissi keçirdiklərini, hər an Prezidentin əmri ilə Vətən yolunda canlarından keçməyə hazır olduqlarını bildirdilər.