Ağdaşda Xocalı faciəsinin 24-cü ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur.
Rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Ağdaş rayonunun inzibati ərazi nümayəndəlikləri, əmək kollektivləri, ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələri və mədəniyyət ocaqlarında anım mərasimləri, kitab və rəsm sərgiləri təşkil olunmuşdur.
Fevralın 26-da rayonun bütün təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunmuşdur. Tədris müəssisələrində keçirilən tədbirlərdə Xocalı faciəsinin insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olmasının əsl səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanmış, 24 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanmış, terroru dəstəkləyənlər qətiyyətlə pislənilmişdir.
Rayonda Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq 26 fevral 2016-cı il tarixdə saat 10:00-da Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri və rayonda məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə anım tədbiri keçirilmişdir. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər və faciə zamanı yaxınlarını itirən, erməni vəhşiliyinin şahidi olan, hazırda rayonda məskunlaşmış Xocalı sakinləri çıxış edərək faciəni ürək ağrısı ilə bir daha xatırlamış, dünyanın əksər dövlətləri tərəfindən baiskarlara qarşı münasibətdə ikili standartların mövcud olduğunu qeyd etmiş, insanlığa sığışmayan bu qətliama hələ də düzgün hüquqi qiymət verilmədiyi, müqəssirlərin uzun müddət cəzasız qaldığına görə etirazlarını bildirmiş, erməni vəhşiliyini və qəddarlığını pisləmişlər.
Rayonda məskunlaşan Xocalı sakinlərinə İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilmiş, tədbirdə fərqlənən gənc rəssamlara fəxri fərmanlar təqdim edilmişdir.
Tədbirin yekununda iştirakçılar Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə ərsəyə gətirilən Bakı Film kinostudiyasının istehsalı olan “Xoca” filminə tamaşa etmişdir.
26 fevral 2016-cı il tarixdə saat 17:00-da rayon mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.