Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

29 yanvar 2016 | 11:00

29 yanvar 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş şöbəsinin şəxsi heyəti, rayon  ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, ümumtəhsil məktəblərin gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə rəhbərləri, hərbi idman və turizm oyunları komandalarının üzvləri, rayon ağsaqqalları, təhsil müəssisələrinin rəhbər işçiləri iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmişlər. Sonra Mərkəzdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya və gənc rəssamların vətənpərvərlik tərbiyəsinə həsr edilmiş əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Dövlət himni səsləndirilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Aynur Novruzova “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbirlərin regionlarda keçirilməsinin vacib əhəmiyyətini qeyd etmiş, bu səpkili tədbirlərin müharibə şəraitində olan ölkə gənclərinin vətənpərvər ruhda yetişməsində vacib rol oynadığını diqqətə çatdırmışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov,  Çağırışaqədərki Hazırlıq idarəsinin rəisi polkovnik Rövşən Əlvəndov və digərləri çıxış edərək gənclərin maarifləndirilməsi, vətənpərvər ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin davamlı olaraq regionlarda keçirilməsinin vacibliyini qeyd etmiş, bu gün müstəqilliyin qorunub saxlanılması, ölkədə hökm sürən sabitlik və dinamik inkişafın hər kəsi mütəşəkkil olmağa, daha sıx birləşməyə sövq etdiyini diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, ordu quruculuğu Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi daim ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət mərkəzində saxlanılır.
Bildirilmişdir ki, bu səpkili tədbirlərin keçirilməsində məqsəd gənclərin milli-mənəvi tərbiyəsi, Vətənə məhəbbət ruhunda böyüməsini təmin etməkdən ibarətdir. Bu gün ata-babalarımızdan bizə miras qalan torpaqlarımızın müdafiəsində böyüyən nəslin böyük rolu var. Bugünün gənci sabahın əsgəridir. Bu tədbirləri ona görə təşkil edirik ki, gənclər silaha sarılıb vətən torpaqlarının müdafiəsinə mənəvi cəhətdən də hazır olsunlar.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri tərəfindən  tədbirin təşkilatçılığında göstərdiyi dəstəyə görə rayon icra hakimiyyəti, şəhid ailəsi, çağırışaqədərki hazırlıq rəhbəri və Çağırışaqədərki hazırlıq fənnindən yüksək nailiyyət əldə edən şagirdə xatirə hədiyyələri təqdim edildi.
Tədbirin yekununda məktəblilərin ifasında bədii kompozisiya və vətənpərvərlik mahnılarının  məşhur ifaçısı Şəmistan Əlizamanlının ifasında təqdim edilən musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

Keçidlər