Ağdaşda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 21-ci ildönümü geniş qeyd edilmişdir
29 yanvar 2015-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 21 ili tamam olur. Bu münasibətlə tərtib olunmuş tədbirlər planına uyğun olaraq 18 yanvar tarixindən başlayaraq Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının 77 ilk partiya təşkilatının hər birində müxtəlif tədbirlər və görüşlər keçirilmişdir.
26-27 yanvar 2016-cı il tarixində yeniyetmə və gənclər arasında idmanın Boks növü üzrə turnir keçirilmişdir. 10 çəki dərəcəsində keçirilən turnirin qaliblərinə diplom, medal və hədiyyələr təqdim olunmuşdur.
Bu gün YAP Ağdaş rayon təşkilatının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir. Əvvəlcə partiya fəalları xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə tər gül-çiçək dəstələri düzərək böyük ehtiramla ulu öndərimizi yad etmişlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etmişdir. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov 21 il ərzində rayon təşkilatının fəaliyyəti ilə bağlı geniş çıxış etmiş, tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik etmişdir. Çıxışı zamanı Cavid Osmanov Yeni Azərbaycan Partiyasının artıq dünyada tanınmış nüfuzlu bir siyasi partiya olduğunu, eləcə də bu işdə ulu öndər Heydər Əliyevin canı-qanı bahasına həyata keçirdiyi ardıcıl siyasətdən, 2003-cü ildən isə cənab prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən bəhs etmişdir.
"Bu gün Yeni Azərbacan Partiyası Ağdaş rayon təşkilatı 77 ilk partiya təşkilatının sıralarında 16703 nəfər üzvü birləşdirir ki, onlardan da 7076 nəfəri gənclər, 8631 nəfəri isə qadınlardır. Bu göstəricilər ağdaşlıların ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olduqlarının və partiyamızın sədri cənab İlham Əliyevin ölkəmiz üçün gördüyü misilsiz işləri bəyənərək dəstəklədiklərinin bariz nümunəsidir." -deyə qeyd edən rayon təşkilatının sədri Cavid Osmanov Yeni Azərbacan Partiyası Ağdaş rayon təşkilatının qarşısında duran vəzifələrdən və görüləcək işlərdən də bəhs etmişdir.
Tədbirin sonunda bir qrup partiya fəalına rayon təşkilatının Fəxri fərmanları təqdim olunmuşdur.