Ağdaşda Sovet İttifaqı Qəhrəmanı Səməd Abdullayevin doğum günü qeyd olundu.
5 may 2015-ci il tarixdə 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyi ilə əlaqədar rayonun Qolqəti kəndində anadan olmuş Səməd Abdullayevin doğum günü münasibətilə onun adını daşıyan ev muzeyində rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, Qolqəti kənd tam orta məktəbin şagirdləri və qəhrəmanın yaxınlarının iştirakı ilə tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə qəhrəmanın muzeyin həyətində ucaldılmış büstü önünə tər gül və çiçək dəstələri düzmüşlər.
Tədbirdə çıxış edənlər ikinci dünya müharibəsi illərinin bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olduğunu qeyd etmiş, Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıq nümunələri, eləcə də həmin müharibədə Səməd Abdullayev kimi rəşadətli Azərbaycan oğulları, Azərbaycanın digər övladlarının böyük qəhrəmanlıqları və Azərbaycan neftinin əhəmiyyəti barədə geniş söhbət açılmış, xatirələr söyləmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, ümumi düşmənə qarşı mübarizəyə səfərbər olunan çoxsaylı ağdaşlıların 2 nəfərinin-Səməd Abdullayev və Fariz Səfərovun keçmiş sovetlər birliyinin ən ali mükafatı-Sovet İttifaqı Qəhrəmanı fəxri adlarına layiq görülməsi gənclərimizin vətənpərvərlik tərbiyəsində ən yaxşı nümunə kimi daim təbliğ olunmalıdır.
Tədbir Qolqəti kənd tam orta məktəbin şagirdlərinin ifasında təqdim edilən ədəbi-bədii-kompozisiyanın təqdimatı ilə yekunlaşmışdır.