Ağdaşda Heydər Əliyev irsinin öyrənilməsinə həsr edilən açıq dərslər başa çatıb.
01 may 2015-ci il tarixdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən, Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə həftədə iki dəfə keçirilməklə, açıq dərslərə yekun vurulmuşdur. “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında keçirilən açıq dərslərin yekununa həsr edilən məşğələdə ulu öndərin həyatının öyrənilməsi və təbliği sahəsində fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılmışdır.
Yekun məşğələdə iştirak edənlər diqqətə çatdırıblar ki, ulu öndər Heydər Əliyev özünü azərbaycanlı sayan hər kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə Azərbaycanın müasir tarixində silinməz izlər buraxıb. Ulu Öndəri sevən hər kəs qürur duyur ki, bu dahi insanın – Heydər Əliyevin adı Azərbaycan xalqının qürur simvoluna, əməlləri isə hünər timsalına çevrilib.
Tədbirin sonunda rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam” inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.