Ağdaşda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olundu.
28 aprel 2015-ci il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağdaş Mərkəzi rayon xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 92-ci ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Zərifə Əliyevanın həyat və fəaliyyətinə işıq salan sənədli filmə tamaşa etdilər.
Dinlənilən məruzə və çıxışlarda insanlara həyat nuru bəxş etmiş şəfqətli bir həkimin, sadəliyi və təvazökarlığı ilə insanlığın əsl mücəssəməsi olan nəcib azərbaycanlı xanımın Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə toxunuldu.
Çıxış edən natiqlər bildirdilər ki, akademik Zərifə xanım Əliyeva görkəmli oftalmoloq-alim olaraq insanların görmə qabiliyyətinin yaxşılaşdırılmasına böyük əmək sərf etmiş, 1941-1945-ci illər müharibəsinin ölkədə yaratdığı acı nəticələrin təsirindən qaynaqlanaraq əmələ gəlmiş göz xəstəliklərinin müalicəsi sahəsində sanballı tibbi tədqiqatların müəllifi olmuş, fəaliyyəti keçmiş sovet dönəmində layiqincə qiymətləndirilmişdir.
Zərifə xanım Azərbaycana, bütün türk dünyasına ucalıq gətirən iki böyük tarixi şəxsiyyət Heydər Əliyevin ömür gün yoldaşı olmaqla yanaşı, nüfuzlu dövlət xadimi, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anası idi. Bildirildi ki, Azərbaycan tibb elminə əvəzsiz töhfə verən Zərifə xanım Əliyeva sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana kimi hamı üçün örnəkdir. Azərbaycana layiqli övlad bəxş etmiş belə bir insanın əziz xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.
Səhiyyə işçiləri rayonda səhiyyənin inkişafına verdikləri əvəzsiz töhfələrə görə ölkə Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya səmimi minnətdarlıq hisslərini ifadə etdilər.