“14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirildi.
14 iyul 2023-cü il tarixdə “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, təhsil işçiləri və gənclərin nümayəndələri iştirak edib. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüblər. Dəyirmi masa ətrafında davam edən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə açaraq qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Kommunist partiyasının birinci katibi və müstəqil Azərbaycanın prezidenti vəzifəsində çalışarkən tariximizdə çoxşaxəli fəaliyyəti ilə silinməz izlər buraxmışdır. 34 illik siyasi fəaliyyəti dövründə Ulu Öndər Azərbaycanı geridə qalmış aqrar respublikadan böyük sənaye potensialı olan dövlətə çevrilməsi üçün titanik səylər göstərmişdir. O qeyd etmişdir ki, müstəqil dövlətimizin qurucusu olan ulu öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır və Azərbaycanın tərəqqisi naminə xidmət göstərir. Tədbirdə çıxış edən gənc mütəxəssislər ulu öndər Heydər Əliyevin həyat yoluna nəzər salmış, onun müstəqil Azərbaycanın hərtərəfli inkişafı və milli özünüdərk proseslərinin inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyətli xidmətlərindən söhbət açmışlar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ulu Öndərin ən böyük arzularından biri olan dövlətimizin ərazi bütövlüyünün bərpa olunmasını təmin etmişdir. Dəyirmi masa ətrafındakı müzakirələrdə gənclərin əhatəli çıxışları təqdir olunmuş, Ulu Öndərin işıqlı ideyalarının gələcək nəslə ötürülməsi yolunda daim səfərbər olunmasının vacibliyi vurğulanmışdır.