Ağdaşda Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.
Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən Ağdaş rayonunun inzibati ərazi nümayəndəlikləri, əmək kollektivləri, orta ixtisas və ümumtəhsil məktəbləri, mədəniyyət ocaqlarında anım mərasimləri, kitab və rəsm sərgiləri təşkil olunmuş, inşa yazı müsabiqələri keçirilmişdir.
Fevralın 26-da rayonun bütün təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunmuşdur. Tədris müəssisələrində keçirilən tədbirlərdə Xocalı faciəsinin insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olmasının əsl səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanmış, 23 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanmış, terroru dəstəkləyənlər qətiyyətlə pislənilmişdir.
Rayonda Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq 26 fevral 2014-cü il tarixdə saat 11:00-da Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri və rayonda məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə anım tədbiri keçirilmişdir. Faciə qurbalarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir iştirakçıları əvvəlcə “Xocalı uşaqların gözü ilə” məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə tamaşa etmiş, soyqırımı həqiqətlərini özündə əks etdirən, faciənin miqyası və mahiyyəti, bunun erməni millətçiləri tərəfindən insanlığa qarşı törədilmiş analoqu olmayan terror aktı olmasını qeyd etmişlər.
Tədbirin rəsmi hissəsində çıxış edənlər Xocalı faciəsinin insanlığın tarixində ən dəhşətli terror aktı, soyqırım hadisəsi kimi dəyərləndirmiş, bu faciənin iki əsrdən çox bir müddət ərzində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifələrindən olduğunu diqqətə çatdırmışlar. Xocalı faciəsi 1992-ci ildə iqtidarda olmuş AXC-Müsavat hakimiyyəti tərəfindən lazımi hüquqi qiymətini ala bilməmişdir. Soyqırım hadisəsinin yalnız 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə müzakirəyə çıxarıldığı, yalnız bundan sonra düzgün hüquqi-siyasi qiymət aldığı qeyd olunmuşdur.
Tədbirdə faciə zamanı yaxınlarını itirən, erməni vəhşiliyinin şahidi olan, hazırda rayonda məskunlaşmış Xocalı sakinləri çıxış edərək faciəni ürək ağrısı ilə bir daha xatırlamış, dünyanın əksər dövlətləri tərəfindən baiskarlara qarşı münasibətdə ikili standartların mövcud olduğunu qeyd etmiş, insanlığa sığışmayan bu qətliama hələ də düzgün hüquqi qiymət verilmədiyi, müqəssirlərin uzun müddət cəzasız qaldığına etirazlarını bildirmiş, erməni vəhşiliyini və qəddarlığını pisləmişlər.
Sonda rayonda məskunlaşan Xocalı şəhərindən olan ailələrinin hər birinə rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilmiş, inşa yazı müsabiqəsinin qalibləri və gənc rəssamlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.
26 fevral 2015-ci il tarixdə saat 17:00-da rayon mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.