Ağdaşda Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaranmasının 20-ci ildönümü qeyd edildi
2015-ci il yanvar ayının 29-da Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 20 ili tamam olmuşdur. Bu münasibətlə yanvar ayı ərzində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında müxtəlif tədbirlər keçirilmiş, yeniyetmə və gənc idmançıların iştirakı ilə rayonun idman qurğularında idman turnirləri təşkil edilmişdir.
Yanvarın ayının 29-da partiyanın rayon təşkilatının şura üzvləri və bir qrup partiya fəalı Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin abidəsi önünə gələrək müstəqil dövlətimizin böyük qurucusu, dahi rəhbərin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə tər gül dəstələri düzmüş, xatirə şəkli çəkdirmişlər.
Anım tədbirinin ardınca rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzinin böyük konfrans zalında Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyətinə həsr edilmiş sənədli filmə tamaşa etmişlər.
Filmə baxış başa çatdıqdan sonra təntənəli tədbirdə məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov yığıncaq iştirakçılarını təbrik etmiş, 20 il ərzində rayon təşkilatının nail olduğu uğurlardan danışmışdır. Natiq qeyd etmişdir ki, rayon təşkilatının hər bir üzvü yaradıcısı ümummilli lider Heydər Əliyev, sədri möhtərəm Prezidentimiz cənab İlham Əliyev olan müstəqil Azərbaycanın əldə etdiyi böyük uğurlardan qürur duyurlar. Rayon təşkilatının 16 min 244 nəfər üzvü olan ağdaşlılar dövlətimizin və partiyamızın həyata keçirdiyi siyasəti daim dəstəkləmiş, bundan sonra da Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində görülmüş və görüləcək işlərin fəal iştirakçıları və təbliğatçıları olacaqlarını bildirmişdir.
Sonda partiyanın rayon təşkilatının yaranması və inkişafında zəhməti olan fəalların bir qrupuna fəxri fərmanlar verilmişdir.
Yubiley tədbiri münasibətilə ziyafət süfrəsi təşkil edilmiş, tədbir rayonun mədəniyyət kollektivlərinin ifasında muğam və xalq mahnılarından ibarət konsert proqramının təqdimatı ilə başa çatmışdır.